Şamaxı şəhəri 48A məhəlləsində yenidən aktivləşən sürüşmə evləri qəzalı vəziyyətə salıb. Ərazidəki sürüşmə nəticəsində evlərin hasarları uçub, torpaq sahələrində yarğanlar əmələ gəlib. Torpaq kütləsi məhəllə daxili yollardan birinin dağılmasına səbəb olub. Sürüşmənin baş verdiyi ərazidən keçən su borusu da qırılaraq torpaq kütləsinin altında qalıb. İki ailəyə məxsus yaşayış evi ortadan çatlayaraq qəzalı vəziyyətə düşüb.
Sürüşmə ərazisində 15 fərdi yaşayış evində yaşayanların bəziləri artıq evlərini tərk edib, başqa yerlərdə yaşayırlar. Lakin hələ də, uçqun baş verən ərazidə yaşayan ailələr var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov qeyd olunan ərazidə aktivlik bir ilə yaxındır müşahidə edilir.
“Bizim əməkdaşlarımız da dəfələrlə ərazidə olub, baxış keçiriblər. Qeyd olunan ünvanda ekzogen-geoloji prosesdə ötən ay da aktivlik qeydə alınmışdı. Bu vaxta qədər aparılan geoloji araşdırmaların nəticələri barədə sakinlər, aidiyyəti qurumlar və eyni zamanda İcra Hakimiyyətinə arayış təqdim edilib. Arayışda ərazidəki geoloji proses barədə ətraflı məlumat verilir”.
Ə.Qaralov onu da vurğulayıb ki, son günlər əməkdaşları ərazidə olmayıb:
“Lakin “Qaynar xətt”ə yerli icra hakimiyyətləri və sakinlər tərəfindən edilən müraciət əsasında əməkdaşlarımız əraziyə baş çəkirlər”.
Şamaxı rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və Təhlil sektorunun müdiri Təbriz Qəniyev son günlər baş verən sürüşmə ilə bağlı sakinlər tərəfindən müraciət olmadığını, məlumatı mətbuatdan öyrəndiklərini deyib:
“Bundan əvvəl bir neçə dəfə sakinlərin müraciəti əsasında əməkdaşlarımız əraziyə baş çəkib, müvafiq protokollar hazırlayıblar. Ərazidə sürüşmə sahəsinin aktiv olduğu təsdiqlənib”.
Aktiv zona olması və evlərdəki çatlar səbəbindən sakinlərin ərazidən köçürülməsinin gündəmdə olub-olmamasına gəldikdə, T.Qəniyev bizi İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinə yönləndirdi. Şöbənin böyük məsləhətçisi Dilguşə Məmmədova ötən gün əməkdaşlarının əraziyə baş çəkdiyini, lakin yaşayış üçün təhlükəli vəziyyətin olmadığını dedi:
“Biz dəfələrlə Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları ilə ərazidə olmuşuq. Ötən gün baxış keçirilərkən sakinlərin həyatına təhlükə yaradacaq hal aşkar edilməyib. Evlər yaşayış üçün uyğundur. Dünən ailələr evlərini tərk etməmişdi, bu günlə bağlı dəqiq heç nə deyə bilmirəm. Bu gün yenidən əməkdaşlarımız ərazidə olub vəziyyəti dəyərləndirəcəklər”.