Rusiyanın ən yeni tarixində cüdo üzrə ilk 3 olimpiya çempionu karyerasını başa vurub.
Bunlar 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibləri Arsen Qalstyan, Mansur İsayev və Tahir Xaybulayevdir.
Hər 3 cüdoçunun təntənəli yolasalma mərasimi Sankt-Peterburqda "Masters" turnirindən sonra təşkil olunmuş qala-gecədə keçirilib. London olimpiadasının bürünc mükafatçısı İvan Nifontov, Avropa və dünya çempionatlarının mükafatçıları Sirajudin Maqomedov, Kamal Xan-Maqomedov, Qriqori Sulyomin, Kirill Voprosov, Alim Qadanov, Sergey Samoyloviç və Batradz Kaytmazov da böyük idmanla vidalaşıblar.
Qeyd edək ki, "London-2012"də Arsen Qalstyan 60 kq, Mansur İsayev 66 kq, Tahir Xaybulayev 100 kq çəkidə qızıl, İvan Nifontov isə 81 kq-da bürünc medal qazanıb. "Masters" turnirində bu idmançıların heç biri çıxış etməyib. Rusiya yığması onların yoxluğunda 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanıb. Yarışda iştirak edən Azərbaycan millisi isə 2 bürünc medalla kifayətlənib. Report