KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Slovakiya arasında münasibətlər siyasi dialoqa, etibarlı tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir

Bu gün bir çox dövlətlərlə yanaşı, Azərbaycan Slovakiya ilə də münasibətlərin daha da
dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edəcək qərarların,
sənədlərin qəbul edilməsinə diqqət ayırır. Ötən illər ərzində Azərbaycan-Slovakiya əlaqələri çox uğurla
inkişaf edib. Əldə olunan nəticələr onu deməyə əsas verir ki, iki ölkə arasındakı əlaqələr yüksələn
xətlə inkişaf edir, Azərbaycan-Slovakiya münasibətləri əsasən, hər iki respublikanın müstəqillik əldə
etməsindən sonra yaranmağa başlayıb. Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert
Fitsonun ölkəmizə rəsmi səfəri əlaqələrin dinamik inkişafına əsaslanır.
Qeyd edilməlidir ki, Slovakiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 24
yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 23 noyabr 1993-cü ildə
qurulmuşdur. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu
ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Slovakiya Respublikasının Bratislava şəhərində
səfirliyi 28 iyul 2023-cü ildə təsis edilmişdir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004-cü ildə Slovakiya Respublikasına işgüzar
səfəri böyük rol oynayıb. Bu gün Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər
Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya
Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat
sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır.
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası
arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. “Bu da çox
ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir” –
deyən dövlətimizin başçısı diqqətə çatdırıb ki, sənədin özü və onun məzmunu təbii ki, bizim niyyətimizi
göstərir, bir-birimizə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. “Hesab edirəm ki, bu gün Slovakiya-
Azərbaycan əlaqələrində yeni səhifə açılır və ümid edirəm, bizim müştərək yolumuz çox uğurlu
olacaq”. Bu fikri Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışında bildirib.
Görüşdə energetika sektorundakı əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Azərbaycan
hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümid edilir ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel
ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya
bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında deyib ki, Azərbaycan təbii qazını Avropa
məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12
milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi
qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı
məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz
buna nail olacağıq”, – deyə Prezident vurğulayıb.
Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq
başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox
bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək
imkanı yaradacaqdır. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Həmçinin bildirilib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə
istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.
Vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda
Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya
şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin
səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir
standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər
tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib.
Azərbaycan və Slovakiya arasında dövlətlərarası münasibətlər siyasi dialoqa, etibarlı
tərəfdaşlıq, müttəfiqlik münasibətinə söykənir və bu, uğurlu əməkdaşlıq üçün müstəsnadır. Əminliklə
vurğulayaq ki, bu səfər bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına
əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaqdır.
Oktay Mehdiyev,
Sabirabad Olimpiya İdman Kompleksinin direktoru


08:50 09.05.2024
Xəbər lenti
Bütün xəbərlər