KANAL24.AZ
Az Iw En Ru

Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Mayın 7-də Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham
Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəlib. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyevin
Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək və geniş tərkibdə görüşü keçirilib.
Səfər çərçivəsində dövlət başçılarının iştirakı ilə Azərbaycan-Slovakiya sənədlərinin
imzalanması mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya
Respublikasının Baş naziri Robert Fitso “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası
arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Sonra
“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə
Nazirliyi arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan
Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə
sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş
naziri Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçısı İlham Əliyev Slovakiya
Respublikasının Baş naziri Robert Fitson ilə birgə mətbuata bəyanatında bir daha vurğuladı ki, iki
ölkənin münasibətlərində yeni səhifə açılır. “Ümid edirəm ki, bizim müştərək yolumuz çox uğurlu
olacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb. Bildirilib ki, bu gün imzalanan sənədlər arasında
müdafiə və müdafiə sənayesi sahələrində imzalanmış sənədlər var. Bu iki istiqamət üzrə geniş fikir
mübadiləsi aparılib.
Tədbirdə ölkəmizin başçısı Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən
seçilməsi münasibətilə bir daha təbrik edib, bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə
başlamasından dərhal sonra konkret addımlar atılıb. Slovakiya və Azərbaycan bu gün suverenlik və
ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur. “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana
və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, –
deyə dövlətimizin başçısı vurğulayıb.
Görüşdə energetika sektorundakı əməkdaşlıq məsələləri geniş müzakirə edilib. Azərbaycan
hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümid edilir ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel
ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya
bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında deyib ki, Azərbaycan təbii qazını Avropa
məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12
milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi
qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı
məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz
buna nail olacağıq”, – deyə Prezident vurğulayıb.
Hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq
başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox
bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək
imkanı yaradacaqdır. Təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır.
Həmçinin bildirilib ki, Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə
istehsal sahələrinin yaradılması haqqında konkret danışıqlara da artıq start verilib.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad
edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Belə ki, Ağdamın Qərvənd kəndinin yenidən
qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək. “Bu da təbii ki, böyük rəmzi məna daşıyır, çünki
əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən
müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı
mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin
başçısı bildirib.
Öz çıxışında Slovakiyanın Baş naziri Robert Fitso bildirib ki, Biz Azərbaycan ilə Avropa İttifaqı
arasında körpü olmağa hazırıq və Avropa İttifaqında Azərbaycanda olan obyektiv vəziyyəti təqdim
etmək istəyirik. Azərbaycan suveren ölkədir və suverenliyə gəldikdə nümunəvi ölkədir. Belə ölkələri
hər zaman yüksək qiymətləndirdiyini deyən Baş nazir bildirib: “Siz ədalətsizliyə sinə gərirsiniz. Mən
eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara
bilsin”.
Hər iki ölkənin başçısı Azərbaycan və Slovakiya arasında əməkdaşlıq əlaqələrinin daha da
genişləndiriləcəyinə və bu əməkdaşlığın yeni imkanlar açacağına əminliyiklərini bildiriblər.
Xalid Məmmədov,
“P-Aqro” MMC-nin Sabirabad filialının direktoru


10:51 09.05.2024
Xəbər lenti
Bütün xəbərlər