KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Qərblə Cənub arasında körpü rolunu oynamaq fikrindədir

Azərbaycanın ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri uğurla inkişaf edir.  Bu
baxımdan dövlət başçısı İlham Əliyevin aprelin 26-da Almaniyaya işgüzar səfəri, səfər çərçivəsində
həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts
ilə təkbətək, geniş tərkibdə görüşləri,  eyni zamanda, Berlin şəhərində keçirilən  “15-ci Petersberq
İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı ölkə və dünya mətbuatında geniş müzakirə
olunmaqdadır. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz, həm də bütövlükdə Cənubi
Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.  Cənab İlham Əliyevin keçirilən
görüşlərdə, Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuata bəyanatlarında, həmçinin
sözügedən tədbirdəki çıxışında diqqət göstərdiyi məsələlərdən biri Azərbaycanın bu ilin noyabr ayında
COP29-a ev sahibliyi oldu. Ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensiala malik olduğu,
COP29-un əməkdaşlığa geniş imkanlar açacağı xüsusi vuğulandı. Dövlətimizin başçısı “15-ci
Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında bildirdi ki, Azərbaycanın
müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin
ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini
möhkəmləndirmək imkanını yaradacaq. Azərbaycanın 4 il Qoşulmama Hərəkatına sədrliyi xüsusi önə
çəkildi. Avropa ölkələri ilə münasibətlər uğurla inkişaf edir. Avropa İttifaqının doqquz üzvü ilə
Azərbaycan “Strateji Tərəfdaşlıq” haqqında razılaşmalar və bəyannamələr imzalayıb, yaxud qəbul
edib. Bu beynəlxalq əlaqələr həmrəyliyi gücləndirməyə imkan verəcək: “Bizə məhz bu lazımdır. Bizə
maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır.” Dövlət başçısı, həmçinin
bu məqama da diqqəti yönəltdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+
platformasının üzvüdür. Bu, həmçinin əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı
zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır.  
Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts mətbuata
birgə bəyanatlarında ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan demokratik inkişafa
da xüsusi diqqət yönəltdilər: “Mətbuat konfransında jurnalistin ölkəmizdə mətbuat azadlığı və insan
hüquqlarının qorunması  ilə bağlı sualını cavablandıran cənab İlham Əliyev bildirdi ki, Azərbaycanda
media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media
orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində
atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən
söhbət gedə bilər? Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və
hər kəs qanunlara əməl etməlidir. Bir sözlə,  Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və
sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar.
Dövlət başçısı həm görüşlərdə, həm də sözügedən tədbirdəki çıxışında diqqəti Azərbaycanın
tarixi Zəfərinə, ötən üç ildən artıq dövrdə işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı
bərpa-quruculuq işlərinə, Ermənistana təklif etdiyi sülh müqaviləinin imzalanması istiqamətində atılan
addımlara və hazırda sülhə nail olmaq üçün yaxşı fürsətlərin olmasına yönəltdi: “Ölkə Prezidenti
 jurnalistin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrlə bağlı bəzi detalların guya
 şəffaf olmaması ilə bağlı fikirlərinə cavabında “Əslində, sualınız təəccüb doğurur, çünki Qarabağda və
Şərqi Zəngəzurda bütün bərpa, yenidənqurma işləri maksimum şəffaf şəkildə aparılır” söyləyərək
bildirdi ki, ayrılan vəsaitlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə, o cümlədən media nümayəndələrinə
məlumat verilir.  Müharibə başa çatandan bu ilin sonuna qədər Qarabağa və Şərqi Zəngəzura 12
milyard manat,  təqribən 7 milyard dollar yaxın  vəsait yatırılır və yatırılacaqdır. Görülən bütün işlər göz
qabağındadır. Azad olunmuş torpaqlara müntəzəm surətdə media turları təşkil edilir. O cümlədən
xarici media nümayəndələri də vəziyyətlə tanış olurlar. Müharibədən cəmi üç il yarım vaxt keçib. Artıq
6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb və bu proses davam etdirilir. Bu ilin sonuna
qədər 20 min köçkün qayıdacaq.
Göründüyü kimi, Azərbaycanın hər bir addımı beynəlxalq münasibətlər sistemində rolunun
artmasını, sözünün imzası qədər dəyərli olduğunu təsdiqləyir. Sülh gündəliyinin, yeni əməkdaşlıq
formatlarının müəllifi olan Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, dostluq mesajlarını
ünvanlayır. Dövlət başçısı İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə 
birgə mətbuat konfransında bu çağırışı etdi: “Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf
edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev
sahibi kimi körpülər yaradacaq.
Anar Xəlilov,
Sabirabad RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
baş məsləhətçisi


18:28 29.04.2024
Xəbər lenti
Bütün xəbərlər