KANAL24.AZ
Az Iw En Ru

Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Aprelin 26-da Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri baş tutub və Berlin
şəhərində “15-ci Petersberq İqlim Dialoqu” keçirilib. Eyni zamanda, Azərbaycan liderinin
Almaniya Federal Kansleri Olaf Şolts ilə ikitərəfli görüşü olub. Azərbaycan və Almaniya
rəhbərləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər, jurnalistlərin suallarını
cavablandırıblar. Dövlət başçısının, həmçinin Almaniya Federativ Respublikasının Prezidenti
Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə görüşü olub.
Bu, son 14 ay ərzində dövlət başçımızın Almaniyaya dördüncü səfəridir. Ötən ilin
martında Berlində, iki ay əvvəl Münxendə Kansler ilə görüşdüyünü xatırladan dövlət başçısı
bildirib: “İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı
həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox
böyük əhəmiyyət kəsb edir”.
Regional təhlükəsizliyə gəldikdə, Azərbaycan ilə Ermənistan arasında gedən sülh
danışıqları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Cənab Kanslerin dəvətilə Azərbaycan
və Ermənistan xarici işlər nazirləri bu yaxınlarda Almaniyada görüşüblər. Almaniyanın xarici
işlər naziri xanım Berbok da öz dəstəyini göstərib. Növbəti görüş Qazaxıstanda keçiriləcək və
beləliklə, sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atılacaq.
Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə
görə təşəkkürünü bildirib. Dövlət başçısı deyib: “Bizim komandalarımızın üzvləri bir-biri ilə sıx
təmasdadırlar. COP29-un ev sahibliyini etmək bizim üçün həm böyük şərəf, həm də
məsuliyyətdir. Biz buna hazırıq və Azərbaycanın yaşıl gündəliyi artıq dünyaya bəllidir”.
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri, “15-ci Petersberq İqlim
Dialoqu”nda iştirakı və əhəmiyyətli görüşləri sübut etdi ki, Avropa İttifaqının (Aİ) əsas iqtisadi
lokomotivi olan Almaniya Azərbaycanla əlaqələrə önəm verir.
Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə
malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya
dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan
ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr
1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın
Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan
və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib.
Hal-hazırda Azərbaycanda 100-ə yaxın alman müəssisəsi fəaliyyət göstərir. Bunlardan
“Simens”, “Ferrosstal”, “İnterselekt”, “Mersedes Bens” kimi iri şirkətlər Azərbaycanda uğurlu
biznes fəaliyyəti göstərirlər. Almaniya ilə Azərbaycan arasında illik ticarət dövriyyəsi təxminən
350–400 milyon avro təşkil edir. Almaniyadan Azərbaycana əsasən avtomobillər, dəmir və
polad məmulatları, istehsal avadanlıqları gətirilir.
Almaniya Avropa və dünya ölkələri arasında kifayət qədər siyasi nüfuza və güclü
iqtisadiyyata sahib olan ölkələrdən biridir. Bu baxımdan Almaniya ilə iqtisadi, siyasi və mədəni
əlaqələrin inkişafı həmişə Azərbaycanın maraq dairəsində olub. Azərbaycan isə Almaniya
üçün neft-qaz ölkəsi kimi beynəlxalq layihələrdə mühüm tərəfdaşlardan biridir. XIX əsrdə bir
sıra alman tayfaları Azərbaycan ərazisinə köçmüş, burada üzümçülüyün və şərabçılığın
inkişafında mühüm rol oynayıblar. Hazırda da Azərbaycan dövləti və xalqı ölkəmizdə alman
tarixi və mədəni irsinə böyük hörmətlə yanaşır, onun qorunub-saxlanılmasını təmin edir.
Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul
etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək
səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya
gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu.
Cavad Cəlilov,
Sabirabad RİH başçısının Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi


19:29 29.04.2024
Xəbər lenti
Bütün xəbərlər