KANAL24.AZ
Az Iw En Ru

Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlər

Avropa Birliyinin lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün
səviyyələrdə əlaqələrin dinamiklyi ölkəmiz üçün maraqlıdır. Azərbaycan- Almaniya
münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Lakin son dövrlərdə
Almaniyada Azərbaycan -Ermənistan münasibətlərinin tənzimlənməsi prosesinə maraq
yarandığını və bu mövzu ətrafında iki ölkə rəhbərliyi arasında artıq bir neçə dəfə fikir
mübadiləsinin olduğunu müşahidə edirik. Prezident Əliyev bu yaxınlarda çıxışlarından birində
Almaniyanın bölgəmizdəki proseslərə yanaşma tərzini təqdir etmişdi. Az öncə Almaniya
hökümətinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü də
Almaniyada baş tutmuşdu. Petersberq İqlim Dialoqunda iştirak etmək üçün Prezidentin
Almaniyaya bu dəfəki səfəri işgüzar xarakter daşıyırdı. Petersberq İqlim Dialoqu 2011- ci ildə
Almaniyanın o zamankı kansleri Angela Merkel tərəfindən təsis olunub və qlobal iqlim
dəyişiklikləri ilə bağlı müzakirələrin aparıldığı bir forumdur. Bu il COP- 29 tədbirinə ev sahibliyi
edəcək ölkənin rəhbəri kimi İlham Əliyev bu Forumun ən çox arzu olunan iştirakçı qonağı
oldu. Prezident İlham Əliyev forum iştirakçılarına ölkəmizin yaşıl enerji gündəliyi ilə bağlı
ətraflı məlumat verdi. Prezident Azərbaycanın Avropaya yaşıl enerji ixrac etmək istiqamətində
apardığı işlərdən də danışdı. Dövlət başçısı bildirdi ki, 2027-ci ilin sonuna qədər 9 günəş və
külək elektrik stansiyası istismara veriləcək. Onların enerji potensialı 2 qiqavata bərabərdir.
2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da
potensialı 5 qiqavata qədərdir. İlham Əliyev 2027-ci ilə qədər Avropaya ixrac ediləcək qazın
həcmini 20 milyard kubmetrə çatdırılacağını bildirdi. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya
naminə həmrəylik ili” elan edildiyini vurğulayan ölkə başçısı bu il ərzində 1300 meqavat günəş
və külək enerjisini istehsal etmək imkanını yaradacaq yeni enerji stansiyalarının tikintisinə
başlanacağını bildirdi. Prezident qeyd etdi ki, 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş
və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə
qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat
(5 qiqavat) təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə
elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac
olunacaq. Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, “…COP29-a ev sahibliyi edəcək ölkə
kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq
ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki
fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla
beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər
salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını
yaradacaq.”
Bu Forumda aparılan müzakirələr ilin sonunda ölkəmizdə keçiriləcək COP-29 tədbirləri
çərçivəsində davam etdiriləcək. Bütün bunlarla yanaşı Almaniya səfəri həm də iki ölkə
arasında daha geniş mövzuların müzakirə edilməsi üçün əlverişli bir fürsət oldu. İkitərəfli
münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər
genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə
Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Almaniya kansleri
ilə görüşdə Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan
fəaliyyətlər müzakirə olundu. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada
görüşünü xatırladan Prezident bu görüşün təşkili üçün Almaniya kanslerinə minnətdarlığını
bildirdi və növbəti görüşün Qazaxıstanda keçiriləcəyi haqqında məlumat verdi.
Toprpaqlarımızın işğaldan azad olunmasından sonra ərazidə aparılan bərpa-quruculuq
işlərindən danışan Prezident İlham Əliyev bu günə qədər 6 min köşkünün öz evlərinə
qayıtdığını və yaxən zamanlarda 20 minədək köçkünün də öz doğma torpaqlarına
qaytarılacağını bildirdi. Bu səfər Azərbaycanın COP-29 tədbirinə hazırlığı baxımından və
eləcə də Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlərin
möhkəmləndirilməsi baxımından çox böyük uğurla nəticələndi.
Mətanət Məhərrəmova,
Sabirabad rayonu Ulacalı kənd kitabxanasının müdiri


10:31 30.04.2024
Xəbər lenti
Bütün xəbərlər