KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir

Prezident İlham Əliyev Dövlət proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası ilə yaxından
tanış olmaq məqsədilə müntəzəm olaraq regionlara səfər edir, tapşırıq və göstərişlərini verir. Bütün
bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət alıb. Görülən və görüləcək işlərin fonunda bir
daha bu reallıq öz təsdiqini tapır ki, ölkənin davamlı inkişafında iqtisadiyyatın düzgün əsaslar üzərində
qurulması əsasdır. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin yaradılması
kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail
olmaq üçün infrastrukturun yenilənməsini, beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib amil kimi
diqqətə çatdırır.
Dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan
suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında «Azərbaycan xalqı da tam əmindir ki,
dediyimiz bütün sözlər, verdiyimiz bütün vədlər hər zaman yerinə yetirilir və bu gün dediyim, bu
layihələrin icrası da tam təmin ediləcək» söyləyərək belə bir əminliyi də ifadə etmişdir ki, biz üç ildən
sonra – uzaqbaşı 2027-ci ilin sonuna qədər Şirvan kanalının da açılışını qeyd edəcəyik.
Ölkə Prezidenti Şirvan suvarma kanalının təməlinin qoyulması mərasimindəki çıxışında bu
məqamı xüsusi qeyd etdi ki, bir neçə gün bundan əvvəl Şirvan suvarma kanalının yenidən qurulması
haqqında Sərəncam imzalandı. Bu gün isə kanalın təməli qoyulur. Bu, çox əlamətdar hadisədir: «Son
illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi
əhəmiyyəti vardır. Çünki Yuxarı Şirvan suvarma kanalı uzun illərdir fəaliyyət göstərir. Kanal torpaq
məcralıdır və illər keçdikcə kanalın böyük hissəsi sıradan çıxmışdır. Təbii olaraq bu da itkilərə səbəb
olub, su itkiləri kifayət qədər çoxdur. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşmış,
əkin üçün yararsız vəziyyətə düşmüşdür. Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və bu gün
kanalın, – artıq bu kanal Şirvan kanalı adlandırılır, – yeni mərhələsi başlayır. Faktiki olaraq kanal
yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın
uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq.»
Dövlət başçısı İlham Əliyevin 8 aprel tarixində imzaladığı “Şirvan suvarma kanalının yenidən
qurulması haqqında” Sərəncamında qeyd edildiyi kimi, son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə
suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər
görülmüş, xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar
şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi,
qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir. Uzun illər ərzində bu
istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-
drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi
ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun
dayanıqlı inkişafına mühüm töhfə vermişdir. Ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı
Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini
suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65
ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq
məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına
səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və
layihə-smeta sənədləri hazırlanmışdır. Sənəddə o da qeyd edilir ki, Yuxarı Şirvan suvarma kanalının
infrastrukturunun bərpası, habelə mövcud təsərrüfatların su təminatı məsələlərinin vaxtında və effektiv
şəkildə həllinin dəstəklənməsi, su ehtiyatlarından daha səmərəli istifadə olunması, magistral kanalın
suburaxma qabiliyyətinin artırılması məqsədilə Yuxarı Şirvan suvarma kanalı yenidən qurulsun və
Şirvan suvarma kanalı adlandırılsın.
Dövlət başçısı İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində bu layihənin
timsalında qeyd etdi ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi
ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə
yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Son illər ərzində əsas infrastruktur layihələri
icra edildi. Azərbaycanda həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə
qaldırdı. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən
suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini verir. Əvvəlki illərdə bu sahəyə aid bir çox böyük
layihələr icra edilib. İlk növbədə, Taxtakörpü-Ceyranbatan suvarma kanalı qeyd edilir. Taxtakörpü su
anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihədir. Şəmkirçay su anbarı da çox böyük
infrastruktur layihəsi idi. Beləliklə, həm şimal, həm qərb bölgələrində əkin üçün yararlı olan torpaqların
həcmi və sahəsi böyük dərəcədə artırılmışdır.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri


09:41 18.04.2024
Xəbər lenti
Bütün xəbərlər