KANAL24.AZ
Az Iw En Ru

Böyük zəfərlərlə zəngin 18 il

Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlərdən biri də 2003-cü ilin 15 oktyabr günüdür. 2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə seçicilərin 76 faizdən çoxu İlham Əliyevə səs vermişdir. İlham Əliyevi Prezident seçməklə Heydər Əliyevin siyasi kursuna sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 2003-cü ilin 15 oktyabrında xalqın 76,84 faiz səsini qazanaraq prezident seçilməsi, 5 ildə gördüyü işlər onun 2008-ci il 15 oktyabr prezident seçkilərində 88,73 faiz səs qazanmasına imkan yaratdı. 2013 və 2018-ci il prezident seçkilərində də qələbəsini təkrarlaması hər bir vədini konkret əməli işdə təsdiqləməsi ilə şərtləndirdi. Bu gerçəklik beynəlxalq siyasətçilər, ekspertlər tərəfindən də təsdiqlənir ki, Azərbaycanda həyata keçirilən siyasətin alternativi yoxdur. Xalq-iqtidar birliyi uzunmüddətli inkişaf strategiyasının müəyyənləşdirilməsinə geniş imkanlar açır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər ayrı-ayrı sahələrdə malik olduğu imkanların, həmçinin təcrübənin təqdimatında əhəmiyyətli rol oynayır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, güclü, qüdrətli Azərbaycan harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlılarının qürur mənbəyidir.

Son 18 ildə Prezident İlham Əliyevin təkmil və uzaqgörən inkişaf strategiyası nəticəsində ölkəmiz dayanıqlı və davamlı iqtisadi inkişafa nail oldu, dünyadakı nüfuzunu daha da artdı, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildi, yeni-yeni hədəflərin gerçəkləşməsi istiqamətində inamlı addımlar atıldı. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini sosial siyasət təşkil edir. Prezident İlham Əliyevin sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Azərbaycanda sürətli inkişaf təbii olaraq, dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən sosial sferaya ciddi sirayət edib və bir çox sosial proqram və layihələrdə real əksini tapıb. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”. Dövlət başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial layihələr vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Prezident İlham Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edərkən demokratik inkişaf, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Tərəddüdsüz qeyd etmək olar ki, demokratik inkişaf yolunda həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub. Qanunvericilik bazasının təkmilləşdirilməsi, hüquq və azadlıqların təmin olunması istiqamətində görülən tədbirlər, siyasi plüralizmin dəstəklənməsi, çoxpartiyalı sistemin inkişafı və digər istiqamətlər üzrə prioritet hesab olunan prinsiplər ölkədə davamlı demokratik cəmiyyətin inkişafından xəbər verir.

2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü.  

Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Effektiv siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Ərazi bütövlüyümüzün bərpa olunması Prezident İlham Əliyevin siyasətinin şah əsəridir. Bu gün Azərbaycan ən yüksək zirvələri fəth etməklə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

 

Эцлнар Щцмбятова,

Sabirabad rayonu Qaraağac kənd uşaq bağçasının müdiri

 


22:40 14.10.2021
Xəbər lenti
Bütün xəbərlər