KANAL24.AZ
Az Iw En Ru

Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Azərbaycanda xalqın 1988-ci ildən başlayan azadlıq mübarizəsi 1991-ci ildə öz bəhrəsini verdi.
Lakin ölkə bu zaman bir sıra siyasi problemlərlə də qarşılaşdı. Otuz illik Qarabağ münaqişəsinin alovları
1988-ci ildən közərməyə başlamışdır. 1990-cı il qanlı yanvar hadisəsi siyasi vəziyyəti daha da
gərginləşdirdi. Bu mürəkkəb, çıxılmaz şərait getdikcə daha da dərinləşirdi.  Azərbaycan nəinki ərazi
hətta müstəqilliyini itirmək təhlükəsilə üz-üzə idi. Belə vəziyyətdə hər zaman dövlətin yenidən
möhkəmlənməsi, çiçəklənməsi üçün güclü siyasi liderə ehtiyac duyulur.Ulu Öndər Heydər Əliyev dünya
siyasətçiləri arasında uzun illər böyük təcrübəsi olan dahi şəxsiyyətdir. Azərbaycanın çətin vəziyyətdən
xilas olmasında onun bu təcrübəsinin əvəzsiz rolu danılmazdır.
Ulu Öndər Heydər Əliyevin doğma vətəninə, xalqına olan məhəbbəti, siyasi təcrübə, idarəçilik
bacarığı, yüksək iqtisadi bilikləri və nadir insan keyfiyyətləri olmuşdur. Həmin dövrdə Moskvada
yaşayan Ulu Öndər Heydər Əliyev 1990-cı ilin yanvar hadisəsinə etiraz əlaməti, xalqa qarşı törədilmiş
bu cinayətin təşkilatçı və iştirakçılarının cəzalandırılması tələbilə yanvar ayının 21-i Azərbaycanın
Moskvadakı nümayəndəliyində bəyanatla çıxış etdi. Uzaqgörən müdrik siyasətçi yaranmış siyasi
qarşıdurmanın, Qarabağ münaqişəsinin gərginləşməsində günahkar kimi SSRİ rəhbərliyinin ikiüzlü,
yarıtmaz siyasətini görürdü. Azərbaycanda getdikcə dərinləşən siyasi çətinliklərə biganə qalmayaraq
1990-cı il iyulun 20-də Ulu Öndər  Heydər Əliyev Bakıya qayıtdı, iki gün sonra isə Naxçıvana getdi.
Qarışıq siyasi dövrdə onun təcrübəsinə böyük ehtiyac vardı. Bu səbəbdən də, o, həmin ildə də
Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçildi. Sovetlər imperiyasının
dağılmağa başladığı dövrdə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da ciddi böhran
yaşanırdı. Bir tərəfdən ermənilərin hərbi təcavüzü, digər tərəfdən kommunikasiya əlaqələrinin kəsilməsi
Naxçıvanı blokadaya salmışdı. Mərkəzi hakimiyyətin biganə münasibəti çıxılmaz vəziyyət
yaratmışdı.1990-cı il noyabrın 17-də keçirilən ilk sessiya deputatların istəyi və böyük təkidi nəticəsində
Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlamışdı.Həmin sessiyada təkcə Naxçıvan üçün deyil,
ümumən, Azərbaycan üçün son dərəcə böyük əhəmiyyətə malik tarixi qərarlar qəbul olunmuşdu.
Sessiyada Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözlərinin
çıxarılması, Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
adlandırılması, dövlətimizin müstəqillik  rəmzi olan üçrəngli bayrağın Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərarlar qəbul olunmuşdur.
Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi üçrəngli bayrağın Azərbaycan Respublikasının
rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırmışdır.
Hamımıza yaxşı məlumdur ki, yalnız bundan sonra Azərbaycan SSR-in Ali Soveti Dövlət bayrağı
haqqında qanun qəbul etdi və üçrəngli bayrağa Azərbaycan Respublikasının dövlət bayrağı statusu
verildi. Elə həmin sessiyada Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan
Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və ilk dəfə Naxçıvan Parlamentinin üzərində
indiki dövlət bayrağımız dalğalanmağa başladı. 1991-ci il sentyabr ayın 3-də dünya şöhrətli siyasətçi
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  Sədri seçildi. Görkəmli dövlət xadiminin
qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli
Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi
həyatında yaxından iştirak etməsinə meydan açıldı.  Bununla yanaşı, o, müvafiq qanunvericiliyə əsasən
1993-cü ilə qədər həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Ümummilli Lider
Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və
Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli
dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Blokada
şəraitində yaşayan Naxçıvanın problemlərinin həlli istiqamətində atılan addımlar, beynəlxalq əlaqələrin
qurulması, Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə keçirilməsi qismən
də olsa blokadanı aradan qaldırmağa imkan verdi. Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri
vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar
Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Dahi Liderin
bu qərarı və ümumilikdə Naxçıvanı erməni təcavüzündən xilas etmək uğrunda gördüyü xidmətlər
misilsizdir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevi  gördüyü işlər, atdığı
tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş
oldu.

Ulu Öndərin Azərbaycan Ali Sovetinin sədri seçildiyi 1993-cü ilin 15 iyun tarixi, daha sonra
Prezident səlahiyyətlərinin Ulu Öndərə həvalə edildiyi 24 iyun tarixi və ən nəhayət Ulu Öndərin xalqın
mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 3 oktyabr tarixi bizim üçün unudulmaz olan,
dövlətimizin inkişafının və yüksəlişinin  təməlində dayanan şanlı səhifələrdir.
Hazırda Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən böyük inkişaf yolu keçmişdir. Müasir,
 müstəqil Azərbaycanın çiçəklənməsi və ölkədəki stabillik məhz Ulu Öndər Heydər Əliyevin xidmətidir.
 Azərbaycanın uğurla inkişaf edən ölkəyə çevrilməsi məhz Ümummilli Liderimiz Heydər Əliyevin
rəhbərliyi altında siyasi və iqtisadi sistemin möhkəmlənməsi nəticəsində eldə olunmuş nailiyyətdir.
Məhz bu  milli ideya ətrafında birləşmə siyasətini,  prosesini Ölkə  Prezidentimiz cənab İlham Əliyev
uğurla davam etdirir. Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik
iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru


15:22 03.09.2022
Xəbər lenti
Bütün xəbərlər